REGİONLAR
Payızda və gələn ilin yazında Şəkidə 200 min tut tingi əkiləcək
Şəki, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu ilin payız mövsümündə və gələn ilin yazında Şəki rayonunun ərazisində 200 min tut tinginin əkilməsi nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Qısa müddətdə kümçülər tərəfindən rayonun Aşağı Göynük, Biləcik, İnçə və Baltalı kəndlərinin ərazisində 12 min 600 tut tingi əkilib və bu iş davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətinin məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin tinglik təsərrüfatında yetişdirilən tinglər kümçülərə pulsuz paylanılır. Bu tinglərdən yetişən ağacların məhsuldarlığı 3-4 ildən sonra 50-60 faizə çatır.
Xatırladaq ki, yeni tut bağlarının salınması məqsədilə 2016-cı ilin payız mövsümündə rayon ərazisində 50 min ədəd yerli və 25 min ədəd Çin Xalq Respublikasından gətirilmiş tut tingləri əkilib.