REGİONLAR


Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8 minə yaxın fermer yararlanıb

Bakı, 7 may, AZƏRTAC

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə payızlıq əkinlərin yemləmə dövrü üçün mineral gübrələrin səyyar satışı başa çatıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı fermerlərin sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının almaq, kiçik pay torpaqlarında əkilən sahələrdə mineral gübrələrin tətbiqini artırmaq, məhsuldarlığın artımına dəstək olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səhmdar cəmiyyət hər gün paralel olaraq 10-15 qrup olmaqla, 1190 müxtəlif kənd və qəsəbə üzrə 2000-ə yaxın səyyar satış xidməti həyata keçirib. Səyyar xidmətlərdən 8000-ə yaxın vətəndaş yararlanıb. Ümumilikdə, səyyar satış zamanı 5000 tona yaxın mineral gübrə satılıb.

Payızlıq əkin sahələrinin gübrələnməsi üçün səyyar xidmətlər 50-dək şəhər və rayonu əhatə edib.

ASC tərəfindən payızlıq əkinlər üçün sentyabr ayından başlayaraq əkinlərin birinci mərhələsində istifadə edilən şumaltı-fosforlu gübrələrin səyyar satışı dekabr ayınadək davam etdirilib. Əkinlərin azotlu gübrələrlə yemləmə dövründə isə fevral ayından etibarən səyyar satışlar həyata keçirilib. Ümumilikdə, payızlıq əkinləri üçün bitkilərin gübrələnməsi dövründə səhmdar cəmiyyət tərəfindən 15 300 ton mineral gübrə satılıb.

Payızlıq əkinlərdə artıq gübrələmə mövsümü yekunlaşsa da, yazlıq əkinlər üçün gübrələmə davam edir. Bununla əlaqədar olaraq səhmdar cəmiyyət yazlıq əkinlər üçün ikinci mərhələ səyyar satışlara başlayıb. Fermerlər səyyar satışlardan yararlanmaq üçün mineral gübrəyə olan tələbatlarını səhmdar cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət etməklə bildirə bilərlər.

Qeyd edək ki, səyyar gübrə satışları Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 mart tarixli Fərmanı ilə müəyyən edilmiş subsidiya qaydalarına uyğun həyata keçirilir. Yəni, fermerlər, sadəcə, fermer kartı təqdim etməklə, əlavə heç bir vəsait ödəmədən istədiyi mineral gübrəni əldə edə biliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.