REGİONLAR
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahələrindən 3 milyon ton məhsul götürülüb
Bakı, 22 yanvar, AZƏRTAC
2018-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 51,4 min hektar əkin sahəsindən 3 milyon 61,3 min ton və ya 2017-ci illə müqayisədə 13,7 faiz çox məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,1 sentner təşkil edib. Bundan əlavə məhsulu toplanmış 31,7 min hektar dən üçün qarğıdalının əkin sahəsindən 247,9 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 57,7 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 309,2 min ton olub.
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 61,7 faizini (2 milyon 42,9 min ton) buğda, 28,5 faizini (942 min ton) arpa, 7,5 faizini (247,9 min ton) qarğıdalı, 0,4 faizini (12,4 min ton) çəltik, 1,5 faizini (49,7 min ton) paxlalılar, 0,4 faizini (14,3 min ton) isə digər dənli bitkilər təşkil edib.
Ötən il sahələrdən 1 milyon 521,9 min ton və ya əvvəlki ilə nisbətən 8,3 faiz çox tərəvəz, 898,9 min ton (1,6 faiz az) kartof, 401,9 min ton (8,2 faiz az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı tərəvəz üzrə 8 sentner, bostan məhsulları üzrə 4 sentner artıb, kartof üzrə isə 1 sentner azalıb və uyğun olaraq 163, 191 və 149 sentner olub.
İl ərzində 132,5 min hektar sahədə pambıq, 11,6 min hektar sahədə dən üçün günəbaxan, 8,6 min hektar sahədə şəkər çuğunduru və 3,4 min hektar sahədə tütün əkilib. Hesabat ilində həmin sahələrdən 232,2 min ton və ya 2017-ci ilə nisbətən 11,9 faiz çox pambıq, 24,3 min ton (20,6 faiz az) dən üçün günəbaxan, 299,4 min ton (31,2 faiz az) şəkər çuğunduru və 6,3 min ton (18,8 faiz çox) tütün yığılıb.
Keçən il 1 milyon 10,8 min ton (5,9 faiz çox) meyvə və giləmeyvə, 167,6 min ton (9,6 faiz çox) üzüm, 868,6 min ton (12,0 faiz çox) yaşıl çay yarpağı toplanıb.
2019-cu ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla 1 milyon 137,1 min hektar və ya əvvəlki ilə nisbətən 0,1 faiz az sahədə şum qaldırılıb, 1 milyon 017,7 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Bunun 999,9 min hektarı dən üçün nəzərdə tutulub. Dənlik taxılın 66,8 faizi və ya 667,9 min hektarı buğda, 33,2 faizi və ya 331,7 min hektarı arpa əkini sahəsidir. Əvvəlki ilə nisbətən dən üçün taxılın cəmi əkin sahəsi 0,8 faiz, o cümlədən buğdanın əkin sahəsi 0,3 faiz, arpanın əkin sahəsi isə 2 faiz artıb.