DÜNYA


Paytaxt Kiyevin mədəni dəyərlərinə çevrilən murallar – AZƏRTAC-ın xüsusi reportajı VİDEO

Kiyev, 7 iyul, AZƏRTAC

Ukraynanın paytaxtına Kiyev şəhərinə gözəllik qatan elementlərdən biri də yaşayış binalarının üzərindəki parlaq rəngli rəsmlər - murallardır.

AZƏRTAC xəbər verir ki, Kiyevdə kütləvi murallar 2014-cü ildən görünməyə başlayıb. Evlərin divarlarında iri miqyaslı rəsm əsərlərinin görünməsi ilə onların müəlliflərinin istedadını daha aydın sezmək olur. Bu gün Kiyevdə olan murallar şəhərin simvoluna, mədəni dəyərlərinə çevrilib.

Kiyevdə divar rəsmlərinin mövzuları rəngarəngdir - vətənpərvərlik, fəlsəfi, tarixi, dini və s. janrlar da müxtəlifdir, bura portretlər, mənzərələr, abstraksiyalar daxildir.

Bu gün Kiyevdə 200-ə yaxın mural var və onların sayı getdikcə artmaqdadır. Bu muralların müəllifləri, təkcə ukraynalı deyil, həm də xarici rəssamlardır. ABŞ, Kosta-Rika, Avstraliya, Portuqaliya, Cənubi Afrika, Yunanıstan, İspaniya, Braziliya, İngiltərə və digər ölkələrin rəssamları Kiyevi al rəngə boyayıb. Kiyevin ən sonuncu muralı isə Rusiya-Ukrayna müharibəsinin 40-cı günündə çəkilmiş divar əsəridir. Ukraynalı muralist rəssam Oleksandr Korbanın ölkəsinin mübarizəsinə həsr etdiyi yeni divar rəsmi hazırda ən çox sevilən murallardan biridir.

Onu da qeyd edək ki, mural sənətinin banisi 1930-cu illərdə təkcə Mexikoda deyil, San-Fransisko və Nyu-Yorkda da binaların rənglənməsi ilə məşğul olan meksikalı Dieqo Rivera hesab olunur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.