CƏMİYYƏT
Paytaxt ərazisində hərəkətə texniki imkanlar və videokameralar vasitəsilə də nəzarət edilir
Bakı, 10 iyul, AZƏRTAC
Paytaxtın bütün küçə və prospektləri polis əməkdaşlarının nəzarətindədir. Hərəkətə texniki imkanlar və videokameralar vasitəsilə də nəzarət edilir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
İcazə ilə evdən çıxanlara da xəbərdarlıq edən V.Əsədov deyib: “Tövsiyə edirik ki, my.gov.az icazə portalına adınızın daxil edildiyinə əmin olduqdan sonra hərəkətə başlayasınız. Bəziləri adlarının olduğunu zənn edərək yola çıxır, polis saxlayanda isə gərginlik yaşanır. Əgər hərəkət etmək niyyətiniz varsa və adınızın portalda olduğuna inanırsınızsa, bir daha əmin olmaq üçün yoxlayın. Bundan başqa, üzərinizdə şəxsiyyət vəsiqəsini hazır saxlayın ki, yoxlama zamanı vaxt itkisi ilə qarşılaşma olmasın”.