CƏMİYYƏT


Paytaxt ərazisində ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib VİDEO

Bakı, 30 iyul, AZƏRTAC

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxt ərazisində ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nizami, Nəsimi, Binəqədi və Yasamal rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb. Onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Qeyd edək ki, analoji tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın digər ərazilərində də həyata keçirilib.

Vətəndaşlarımızdan bir daha xahiş və tələb olunur ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.