ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib

Bakı, 22 fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər Beynəlxalq Ana Dili Günü barədə məlumatlandırılıb.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəblərdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

Dərslərdə şagirdlərə Azərbaycan dilinin inkişaf tarixi, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilib.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Həmçinin şagirdlər “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!”, "Millətin milliliyini saxlayan onun dilidir", “Ana dilimizi sevək və sevdirək!”, “Azərbaycan dili milli varlığımızdır” kimi çağırışlar səsləndirib, dilin saflığının qorunmasına dair fikirlər söyləyiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.