ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində Beynəlxalq Sülh  Günü qeyd edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Eyni zamanda, məktəblərdə əlamətdar gün ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

Silsilə tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaqdır.

Tədbirlərdə ölkəmizdə ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, “Sülh aylığı”nın mahiyyəti və Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat verilib.

“Azərbaycan sülh tərəfdarıdır”, “Uşaqlar sülh istəyir”, “Yurdda sülh, cahanda sülh”, “Sülh içində yaşayaq”, “Göyərçinim – sülh quşum”, “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”, “Sülhə gəlin, ey insanlar” kimi mövzularda keçirilən tədbirlərdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevər xalqlardan olan Azərbaycan xalqının da sülh şəraitində yaşamaq istəyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.