ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində Dövlət Bayrağı Günü qeyd olunub

Bakı, 8 noyabr, AZƏRTAC 

Paytaxt məktəblərində 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təhsil müəssisələrində Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və “dəyirmi masa”lar təşkil edilib. Həmçinin dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

“Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Bayaq kimliyimdir, bayraq mənliyim”, “Bayrağımız baş tacımız”, “Bayrağımız qürur mənbəyimizdir!”, “Qarabağda dalğalan, bayrağım”, “Mənim bayrağım ən gözəl bayraqdır” və digər mövzularda təşkil olunmuş tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə bayrağımızın yaranma tarixi haqqında geniş məlumat verilib, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.

Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirilib.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar səsləndirib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.