ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində “Eko-təqdimatlar” layihəsinə başlanılıb
Bakı, 7 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsinə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasıdır.
BŞTİ və SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar, ekspertlər dəvət olunacaqlar.
Bir təqvim ayı ərzində ən azı on təqdimatın təşkili nəzərdə tutulur.
Şagirdlər üçün maraqlı olan təqdimatların keçirilməsinə martın 1-dən başlanılıb.
Qeyd edək ki, artıq iki ümumtəhsil müəssisəsində “Azərbaycanın biomüxtəlifliyi” mövzusunda təqdimat, bir məktəbdə isə “Ekoloji monitorinq nədir“ mövzusunda praktik dərs keçirilib.
Tədris ilinin sonunadək paytaxtdakı ümumtəhsil məktəblərində təqdimatların keçirilməsi nəzərdə tutulub.