ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində I sinfə qeydiyyatla bağlı suallar cavablandırılıb

Bakı, 3 may, AZƏRTAC

Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) feysbuk səhifəsində müvafiq suallara cavab verilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, suallar şərhlər vasitəsilə aprelin 28-dən 30-dək cavablandırılıb. Təhsil İdarəsinin feysbuk səhifəsində daha çox alternativ qeydiyyat mərkəzləri, üstünlük hüququnun kimlərə verilməsi, müəllim seçimi prosesi, sorğunun dəyişdirilməsi, digər dildə tədris aparılan bölmələr üzrə müsahibə, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə qəbul üzrə avtomatik elektron sorğu yaradılması, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Xatırladaq ki, aprelin 27-si saat 11:00-dan 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesinə start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Aprelin 29-u saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə birinci sinfə şagird qəbulu ilə bağlı sorğuların yerləşdirilməsi prosesinə başlanılıb. Həmçinin qeyd edilən tarixdən dövlət ümumi təhsil müəssisələrinin digər dildə tədris aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start verilib. Müsahibəyə yazılma mərhələsinin iyunun 8-i saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin mayın 4-dən iyunun 14-dək təşkili planlaşdırılır.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.