ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində “İnsan hüquqları aylığı” ilə bağlı silsilə tədbirlər davam edir
Bakı, 5 iyun, AZƏRTAC
Təhsil Nazirliyi və Ombudsman Aparatı arasındakı əməkdaşlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə insan hüquqlarına dair konfrans, seminar, “dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə məktəblilərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.
“İnsan hüquqları aylığı” çərçivəsində "İnsan hüquqlarının müdafiəsi", “İnsan hüquqları və multikulturalizm”, "Hüquqlarımızı bilək” və digər mövzularda şagirdlərlə söhbətlər aparılır.
Tədbirlərdə respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs olunur, şagirdlərin sualları cavablandırılır.