ELM VƏ TƏHSİL


Paytaxt məktəblərində Novruz bayramı qeyd olunub

Bakı, 19 mart, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar təntənəli mərasimlər keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, paytaxt məktəblərində “Xonçalı Novruz gəlir”, “Səməni saxla məni”, “Yurdumuza yaz gəlir”, “Novruz xalq bayramıdır”, “Milli-mənəvi dəyərlərimiz”, “Elimizə bahar gəlir”, “Novruz ənənələri” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Həmçinin bir sıra məktəblərin pedaqoji kollektivlərinin üzvləri, şagirdlər hərbi hissələrə səfər ediblər.

Bundan əlavə, təhsil müəssisələrində Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, “Ən yaxşı səməni”, “Mənim xonçam” nominasiyaları üzrə müsabiqələr təşkil edilib.

BŞTİ-nin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, valideyn və şagirdlərin qatıldıqları tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.

Bayram şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb.

Sonda bayram tonqalı qalanıb, məktəblilər tonqal ətrafında yallı gediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.