ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində QİÇS-lə Mübarizə Gününə həsr olunan onlayn tədbirlər
Bakı, 1 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar onlayn tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, onlayn tədbirlərin təşkilində əsas məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını daha da artırmaqdır.
Onlayn tədbirlərdə məktəblilərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün təsis tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.
Həmçinin ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb.
Tədbirlərdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub. Eləcə də şagirdlərin əl işlərindən ibarət onlayn sərgilər təşkil edilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı tövsiyələr verilib.