ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində Ulu Öndərə həsr olunmuş tədbirlər
Bakı, 10 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, dəyirmi masa, mühazirə və seminarlar təşkil olunub, fotostendlər qurulub, sərgi, müsabiqə və idman yarışları keçirilib. Tədbirlərdə Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olmuş, bütün şüurlu həyatını Vətəninə həsr etmiş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların liderinə çevirib. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün qalib ölkənin qalib lideri kimi dünyada tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibədə 30 illik torpaq həsrətinə son qoymaqla bərabər, həm də Müzəffər Ali Baş Komandanın özünün dediyi kimi, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurub.
Tədbirlərdə şagirdlərin ifasında dahi lider Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar, filmlər nümayiş olunub. İstedadlı şagirdlər dahi şəxsiyyətə olan ehtiram və məhəbbətlərini çəkdikləri rəsmlərlə ifadə ediblər.
“Heydər Əliyev və Azərbaycan tarixi”, “Dünyanın ən böyük azərbaycanlısı”, “Şərəfli ömür yolu”, “Tarix yaradan lider”, “Xalqa bağışlanan ömür” və digər mövzularda keçirilən tədbirlərdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.
Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günü ilə bağlı Fəxri xiyabana ziyarətləri və Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil olunub.