ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində Ümumxalq Hüzn Günü
Bakı, 21 yanvar, AZƏRTAC
Paytaxt məktəblərində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 20 Yanvar mövzusunda konfrans, seminar, dəyirmi masa və mühazirə təşkil edilib.
Tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışılıb.
Bildirilib ki, keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi hər zaman bəşər tarixində qara səhifə olaraq qalacaq. Məktəblilərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib.
Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Ümumi təhsil müəssisələrində 20 Yanvar hadisələrindən bəhs edən sənədli və bədii filmlər də nümayiş olunub. Həmçinin Ümumxalq Hüzn Gününə dair divar qəzetləri, stendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxt məktəblilərinin və təhsil işçilərinin şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri də keçirilib. Həmçinin şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Xatırladaq ki, yanvarın 17-də ümumtəhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər də keçirilib.