ELM VƏ TƏHSİL
Paytaxt məktəblərində inşa yazı müsabiqəsi: Müstəqilliyimiz əbədidir
Bakı, 17 mart, AZƏRTAC
Ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi məktəbliləri milli mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, onlarda sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdir.
Azərbaycan və rus dillərində keçirilən inşa yazı müsabiqəsi iki mərhələdən ibarətdir. Müsabiqənin birinci mərhələsi martın 15-dən aprelin 16-dək davam edəcək. Məktəbdaxili yarışmada hər məktəb üzrə Azərbaycan və rus bölmələrindən yalnız birinci yeri tutmuş şagirdlər ikinci mərhələdə iştirak hüququ qazanacaq. İnşa yazı müsabiqəsinin ikinci mərhələsi aprelin 20-dən 25-dək keçiriləcək.
Müsabiqənin əsasnaməsinə uyğun olaraq, mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət etməklə tərtib olunması əsas meyarlardır. Qeyd edək ki, inşa yazıların həcmi 250-300 sözdən ibarət olmalıdır.
“Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri beşballıq sistem üzrə qiymətləndiriləcəklər.
Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.