ELM VƏ TƏHSİL
Paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib
Bakı, 6 may, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunları ilə bağlı elmi-praktik konfrans keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə məktəblilər Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransın əsas məqsədi orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, məktəblilərdə elmi tədqiqat aparmaq, tarixi faktları təhlil edib müəyyən nəticəyə gələ bilmək bacarığını aşılamaqdır.
Tədbirdə məktəblilər Azərbaycan tarixinin müxtəlif dövrləri haqqında, o cümlədən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tarixindəki rolu barədə məqalələrlə çıxış ediblər.
Səbail rayonu 6 nömrəli orta məktəb-liseyin 8-ci sinif şagirdləri Aydan İsayeva və İlham Kərimlinin sədrliyi ilə keçirilən konfransda təşkilat komitəsinə hər bir rayondan təqdim olunan referatlar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər.
Paytaxt rayonları üzrə qalib olmuş şagirdlərdən - Qorxmaz Məmmədzadə (Pirallahı), Şəbnəm Feyzili (Qaradağ), Vəsilə Mahmudova (Suraxanı), Zəhraxanım Məmmədova (Səbail), Ayla Atakişiyeva (Nizami), Səba Ağayeva (Nəsimi), Aygün Hüseynova (Xətai), Hasil Qubatov (Binəqədi), Səma Əliyeva (Sabunçu), Gülşən Yusibzadə (Xəzər), Abdulsübhan Nəcəfli (Nərimanov), Yunis Quliyev (Yasamal) və başqaları hazırladıqları referatları təqdim ediblər.
Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat veriblər.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu iz, Ulu Öndərin tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındakı rolu əvəzolunmazdır. Ulu öndər Heydər Əliyev daima tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə çox yüksək diqqət yetirib, onun inkişafı yolunda yorulmadan fəaliyyət göstərib. İllər keçdikcə Ümummilli Liderin böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.
Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilib.
Tədbirdə bildirilib ki, paytaxt məktəblərində keçirilən konfranslarda Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı 1116 şagirdin hazırladığı referatların 60-dan çoxu komissiya tərəfindən seçilərək şəhər icra hakimiyyətinin dəstəyi ilə çap olunacaq kitaba daxil ediləcək.