ELM VƏ TƏHSİL
Paytaxt məktəbliləri beynəlxalq konfransda
Bakı, 25 aprel, AZƏRTAC
Paytaxt məktəbliləri Sankt-Peterburqda keçirilən “Özündə alimi kəşf et” VI Ümumrusiya elmi–innovasiya konfransında uğurla iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 177 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Leyla Məmmədzadə və 16 nömrəli Texniki-Humanitar Liseyin IX sinif şagirdi Əli Bağırov konfransda “Riyaziyyat və informatika” seksiyası üzrə “Ortalaşmış ölçmələr əsasında siniflərin sərhədlərinin təyini” adlı layihə ilə ölkəmizi təmsil edib və III dərəcəli diploma layiq görülüblər.
Qeyd edək ki, konfransda Rusiyanın 71 regionundan və MDB ölkələrindən 2000-dən çox məktəbli iştirak edib. Final mərhələsində 450 məktəbli 21 seksiya üzrə müxtəlif elmi layihələrlə qalibiyyət uğrunda mübarizə aparıb.
Konfrans Sankt-Peterburq Təhsil Komitəsi, Dövlət Aqrar Universiteti, Dövlət Texnoloji Universiteti, Elm və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.