CƏMİYYƏT


Paytaxt məktəbliləri üçün Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda elmi-praktik konfrans təşkil olunub

Bakı, 6 may, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunan və paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına dair elmi-praktik konfrans keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda BŞİH-in və Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, paytaxt rayonlarında keçirilən konfranslarda qalib olan məktəblilər, onların elmi rəhbərləri, rayon icra hakimiyyətləri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət ölkəmizin gələcəyinə birmənalı şəkildə təminat verir. Ona görə də bu siyasəti dərindən öyrənmək və təbliğ etmək vacibdir. Bugünkü konfrans da məhz bu məqsədə həsr edilib.

Konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, həmçinin ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə elmi məqalələrlə çıxışlar ediblər. Builki müsabiqədə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə həsr edilən mövzulara xüsusi yer verilib.

Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və başqaları paytaxt rayonlarında keçirilən tarix konfranslar, şagirdlərin hazırladıqları referatlar barədə məlumat veriblər. Bildirilib ki, illər keçdikcə Ümummilli Liderin böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, eyni zamanda, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.

Konfransda qeyd olunub ki, müsabiqədə Bakı şəhərinin 300-dən çox məktəbi və 2 min nəfərdən artıq şagirdi referatlarını təqdim ediblər.

Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.