CƏMİYYƏT
Paytaxt məktəblilərinin idman, intellektual və incəsənət yarışları təşkil olunub
Bakı, 26 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar “İdman dayanıqlı inkişaf naminə” festival-müsabiqə keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, “İnkişaf Naminə İdman” İctimai Birliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən festival-müsabiqədə paytaxt məktəbliləri arasında idman, intellektual və incəsənət yarışları təşkil olunub, tanınmış estrada müğənniləri konsert proqramı ilə çıxış ediblər.
Məlumat verilib ki, BMT-nin 193 üzv ölkəsinin Dayanıqlı İnkişaf üzrə İcmal Sənədə dair razılığa gəlməsindən sonra, 2015-ci ildə Nyu-Yorkda Dayanıqlı İnkişaf Sammitində dünya liderləri tərəfindən dayanıqlı inkişaf sahəsində yeni gündəlik qəbul olunub. Sənəddə qeyd edilir ki, dayanıqlı inkişaf üzrə yeni gündəlik Minilliyin İnkişaf Məqsədlərinin uğuruna əsaslanır. Bu isə özlüyündə 700 milyondan çox əhaliyə yoxsulluqdan azad olmağa yardım edəcək.
Diqqətə çatdırılıb ki, 2000-ci ildə qəbul edilmiş Minilliyin İnkişaf Məqsədləri yoxsulluq, aclıq, xəstəlik və gender sahəsində qeyri-bərabərliyin azaldılmasına yönəlib. Dayanıqlı inkişaf üzrə yeni məqsədlər və daha geniş dayanıqlıq gündəliyi bundan kənara çıxaraq yoxsulluğun kökündə duran səbəbləri, bütün insanlara xidmət edən inkişafa dair ümumbəşəri ehtiyac məsələsini hədəfə alır. Bugünkü festival-müsabiqə də dayanıqlı inkişaf üzrə sənəddə əksini tapan istiqamətlər üzrə keçirilir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin fiziki cəhətdən sağlam böyüməsinə, onların intellektli, geniş dünyagörüşlü olmasına, bilikli kadrlar kimi yetişməsinə yönəlib. Bütün bu istiqamətlər bu gün keçiriləcək yarışlarda tam əhatə olunub. Bu istiqamətlərin reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar, hər bir fərd fəal iştirak edir.
“İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov Azərbaycanın uğurlu inkişaf yoluna qədəm qoyduğunu və bu yolda gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Qeyd edib ki, festival-müsabiqəyə Rio Yay Olimpiya Oyunlarının iştirakçıları da qatılıblar. Onlar məktəblilərə öz dəstəklərini nümayiş etdirirlər. O, məktəblilərin yarışlarda fəallıq nümayiş etdirəcəklərinə əminliyini bildirib.
Sonra Bakının müxtəlif məktəblərini təmsil edən 6 komanda idman, incəsənət və intellektual yarışda mübarizə aparıblar.
Tanınmış estrada müğənniləri festival-müsabiqəyə öz ifaları ilə əlavə rəng qatıblar.
Yarışların nəticələrinə əsasən, “Vətən”, “Xəzər” və “Olimp” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüblər.
Sonda qaliblər mükafatlandırılıb.