ELM VƏ TƏHSİL


Paytaxt məktəblisi beynəlxalq tədbirdə jüri olub

Bakı, 9 aprel, AZƏRTAC 

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində spiker və jüri qismində iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Millətlər təşkilatının Dayanıqlı Məqsədlər üzrə Proqramının Vyetnamdakı nümayəndəliyinin dəstəyi ilə ölkəmizi təmsil edən R.Camalova sammitdə 2 dəfə çıxış edib. Çıxışı zamanı gənc ixtiraçı öz uğurları və qarşılaşdığı çətinlikləri dəf etmək yolları haqqında gənclərə motivasiyaedici məlumatlar verib. Bununla yanaşı, o, Asiya və Sakit Okean ölkələrindən olan digər spikerləri də dinləmək imkanı qazanıb. Sammitdə spikerlər gənclərin bir sahibkar kimi üzləşdikləri problemlərin həlli yollarını müzakirə ediblər.

Qeyd edək ki, Gənclər Sammiti bu il 20 müxtəlif Asiya və Sakit Okean ölkələrindən 500-dən çox gənci bir araya toplayıb.

Gənc ixtiraçı R.Camalova, həmçinin Dubayda keçirilən “SME Beyond Borders 10X” biznes və sahibkarlıq konfransında da alternativ enerji mövzusunda çıxış edib və “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib.

Xatırladaq ki, Reyhan Camalova “Sabahın alimləri” VIII respublika müsabiqəsində “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə də R.Camalova mayın 12-dən 17-dək ABŞ-ın Finiks şəhərində keçiriləcək Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.

R.Camalova yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir. Reyhan Camalovanın adı “Forbes”in sənaye, istehsalat və enerji sahəsində “30 yaşdan aşağı 30 gənc araşdırmaçı” siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.