CƏMİYYƏT
Paytaxt meriyasının layihəsinə Yasamal rayonu da qoşulur
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası uğurla davam edir. Bu uğurun nəticəsidir ki, Nərimanov, Nizami və Nəsimi rayonlarından sonra mayın 1-dən Yasamal rayonu da bu layihəyə qoşulacaq.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin tələblərinə uyğun olaraq, ilk növbədə, Yasamal rayonu ərazisində 460 konteyner meydançası yaradılaraq, orada yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılıb. Əraziyə cavabdehlər təyin olunub.
Layihənin vacib istiqamətlərindən olan vətəndaşların maarifləndirilməsi işlərinə Bakı Şəhər və Yasamal Rayon İcra hakimiyyətlərinin məsul əməkdaşları, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Layihə barədə vətəndaşların məlumatlandırılması məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar. Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.
Qeyd edək ki, ətraf mühitin qorunmasında vacib olan bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələrinin və mexanizmlərin alınması həyata keçirilib.
Layihənin uğurla reallaşdırılması Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.