ELM VƏ TƏHSİL
Paytaxt müəllimlərinə sertifikatlar verilib
Bakı, 21 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində həyat bilgisi fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, sertifikatlar maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilmiş təlimlərdə uğur qazanan müəllimlərə verilib. Təlimlər BŞTİ və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsi məqsədilə reallaşdırılıb.
Təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, eləcə də əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları barədə təqdimatlar, mövzular üzrə interaktiv oyunlar keçirilib.
Müəllimlər üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində təşkil olunub.
Maliyyə savadlılığına dair təlimlərin növbəti tədris ilində də keçirilməsi nəzərdə tutulur.