CƏMİYYƏT


Paytaxt polislərinin növbəti təlim-məşq toplantısı keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

Şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsi, əlbəyaxa döyüş növlərinə daha yaxşı yiyələnmələri məqsədilə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Bakı Şəhər Baş Polis İdarəsinin və tabeli qurumların əməkdaşları ilə növbəti təlim-məşq toplantısı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri üzrə təlimlərin aparılmasının başlıca prinsipləri açıqlanıb, hər bir əməkdaşın müvafiq fəndlərə yiyələnməsinin əhəmiyyəti nəzərə çatdırılıb.

Sonra şəxsi heyətin həmin fənləri mənimsəmələrinin səviyyəsinin yoxlanılması məqsədilə təlimdə iştirak edən 51 əməkdaş bacarığını nümayiş etdirib.

İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov polis orqanlarında çalışan əməkdaşlarla əlbəyaxa döyüş növləri üzrə təlim məşqləri aparılmasının vacibliyindən danışıb. Qeyd edib ki, il ərzində davam edəcək təlim müddətində DİN İdman Cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə belə tədbirləri davam etdirəcəklər. O bildirib ki, paytaxtımızla yanaşı, bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə mütəmadi olaraq aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir.

Təlimin keçirilməsində Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əməkdaşları, polis kapitanı Aydın Həşimov və polis baş serjantı Hakim Hacıyev yaxından iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.