CƏMİYYƏT
Paytaxt sakinindən 5 kiloqramdan çox marixuana götürülüb
Bakı, 19 aprel, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə aprelin 18-də keçirilən tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Əldə edilmiş məlumat əsasında Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Eşqin Nəzərovdan çəkisi 5 kiloqram 150 qram marixuana götürülüb.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suqovuşan kənd sakini Emin Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.