CƏMİYYƏT
Paytaxt sakinini aldadıb pulunu alan baxıcı saxlanılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Paytaxtın qadın sakini 2021-ci il sentyabrın 19-da bir nəfərin (baxıcı) onu aldadıb hesabına 1700 manat məbləğində pul ödətdirməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Onun qanunazidd əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.