İQTİSADİYYAT


Paytaxt sənayesində özəl sektorun payı 78,4 faiz olub

Bakı, 8 avqust, AZƏRTAC

Paytaxtın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında 14,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz az sənaye məhsulu istehsal edilib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 74,8 faizi mədənçıxarma, 22,3 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,9 faiz təşkil edib.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15 faiz artıb. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə emal sektorunda qida məhsullarının istehsalı 8,4 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 92 faiz, kağız və karton istehsalı 57,3 faiz, neft məhsullarının istehsalı 1 faiz, kimya sənayesi məhsullarının istehsalı 10 faiz, əczaçılıq məhsullarının istehsalı 3,7 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,3 faiz, hazır metal məmulatlarının istehsalı 1,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,3 faiz, mebellərin istehsalı isə 99 faiz artıb, içkilərin istehsalı 6,2 faiz, poliqrafiya fəaliyyəti 7,5 faiz, tütün məmulatlarının istehsalı 49,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 7,4 faiz, geyim istehsalı 44,6 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 1,7 faiz, tikinti materiallarının istehsalı 5,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 90,2 faiz, elektrik avadanlıqların istehsalı 69,2 faiz, maşın və avadanlıqların istehsalı 31,7 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 18,3 faiz, maşın və avadanlıqlarının quraşdırılması və təmiri işləri 45,5 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,9 faiz azalıb. İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun 1-nə 282,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 78,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.