İQTİSADİYYAT
Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 78,7 faiz olub
Bakı, 22 may, AZƏRTAC
Yanvar-aprel aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 10,6 milyard manat təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 77,6 faizi mədənçıxarma, 19,7 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında mayın 1-nə 257,4 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 74,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.