İDMAN
Paytaxt yollarında ilk Avropa Oyunlarının əsas marşrut şəbəkəsinin çəkilməsinə başlanıb VİDEO





Bakı, 29 aprel, Səxavət Quliyev, AZƏRTAC
Paytaxt yollarında “Bakı-2015” ilk Avropa Oyunlarının əsas marşrut şəbəkəsinin boyu Oyunların hərəkət zolaqlarının çəkilməsi prosesinə başlanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 29-da Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Zolaqda yalnız xüsusi buraxılış icazəsinə malik avtomobillərin hərəkət edəcəyini bildirən Kamran Əliyev paytaxt küçələrində zolaqların çəkilməsi prosesinin may ayının ortalarına kimi başa çatdırılacağını diqqətə çatdırıb. Polis polkovniki vurğulayıb ki, zolaqlar daxilində hər 250 metrdən bir “Bakı-2015” ilk Avropa Oyunlarının loqosu çəkilib. Sürücülər nəzərə almalıdılar ki, bu zolağa daxil olmaq üçün xüsusi buraxılış tələb edilir.
“Bakı-2015”in nəqliyyat vasitələri (atletləri, komanda rəsmilərini və Avropa Oyunları Ailəsi üzvlərini daşıyan) şəhər mərkəzindən kənar keçən, Oyunların müəyyən olunmuş əsas marşrut şəbəkəsi boyu hərəkət edəcəklər. Bu marşrut Oyunların yarış və əsas qeyri-yarış obyektlərini birləşdirir.
Avropa Oyunlarının hərəkət zolaqlarından istifadə və parkinq qadağandır. Həmin zolaqlar yarışların keçirildiyi müddətdə fasiləsiz rejimdə fəaliyyət göstərəcək. Oyunların hərəkət zolaqları mayın 29-dan iyulun 1-dək fəaliyyət göstərəcək.
Oyunların hərəkət zolaqları boyunca “Bakı-2015”in loqosu təsvir edilən və asanlıqla tanına bilən xüsusi yol nişanları qoyulacaq. Yalnız xüsusi buraxılışa malik nəqliyyat vasitələri bu hərəkət zolaqlarından istifadə edə biləcək. Ümumi şəhər nəqliyyatı isə yalnız digər hərəkət zolaqlarından istifadə edə biləcək. Oyunların hərəkət zolaqlarından istifadə qaydalarını pozanlara qanunla nəzərdə tutulmuş şəkildə ciddi cərimələr tətbiq olunacaq. Bu hərəkət zolaqlarına Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı polis əməkdaşları vasitəsilə nəzarət ediləcək.
Hərəkət zolaqları yalnız Oyunların nəqliyyat vasitələrinin istifadəsində olacaq.