CƏMİYYƏT


Paytaxtda 36 ədəd su nasosu oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı, 16 avqust, AZƏRTAC 

Paytaxtın mərkəzi küçələrində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxsin ifşa olunması istiqamətində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə rayon ərazisində mənzillərin girişində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Səfərov saxlanılıb. Araşdırma zamanı onun Səbail və Nəsimi rayonlarında ümumilikdə 36 ədəd su nasosu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və şəhərin müxtəlif yerlərində satdığını etiraf edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirakını da istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.