İQTİSADİYYAT
Paytaxtda Ağa Nemətulla küçəsi təmir olunub, Qarabağ küçəsində isə işlər davam etdirilir VİDEO
Bakı, 17 dekabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər görülür. Bu tədbirlər çərçivəsində cari ilin “İnvestisiya Proqramı”na əsasən Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzunluğu 1,8 kilometr təşkil edən Ağa Nemətulla küçəsində aparılan təmir işləri zamanı mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçəboyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.
Bundan başqa, vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək üçün yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Küçəboyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Nərimanov rayonu ərazisində təmir işlərinin aparıldığı daha bir ərazi 900 metr uzunluğa malik Qarabağ küçəsidir. Küçə genişləndirmə işləri aparılmaqla əsaslı şəkildə təmir olunur. Hazırda küçədə asfaltlanma işləri icra edilir.
Ümumilikdə isə cari il ərzində uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə və yolun təmir olunması nəzərdə tutulurdu ki, artıq bu çərçivədə işlər tamamlanmaq üzrədir.
Dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 kilometrdən çox uzunluğa malik küçə və yol təmir edilib.