MƏDƏNİYYƏT
Paytaxtda iki mehmanxanaya mediatur təşkil olunub
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də mehmanxanaların fəaliyyətinin təşkili qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda yerləşən 2 mehmanxanada növbəti monitorinq keçirilib.
AZƏRTAC xəbər verir ki, monitorinq prosesinin ictimaiyyətə çatdırılması məqsədilə “Park İnn” və “Sapphire” hotellərinə mediatur təşkil edilib.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, mehmanxanalarda aparılan monitorinqlərin məqsədi pandemiya və postpandemiya dövründə müəyyən olunan qaydalarının tətbiqində turizm sənayesi nümayəndələrinə dəstək göstərmək və maarifləndirmə işini aparmaqdır.
Kənan Qasımov vurğulayıb ki, son iki həftə ərzində keçirilən monitorinqlərdə paytaxtda və regionlarda yerləşən 229 mehmanxana monitorinqə cəlb olunub və bu proses hazırda davam edir.
Mediatur zamanı bildirilib ki, monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır və tələblərə cavab verən mehmanxanalar Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.
Mediaturda Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov da media nümayəndələrinin suallarını cavablandırıb. O, deyib: “Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müəyyən olunan qaydaların tələblərinə əsasən ictimai iaşə obyektlərində qida qəbulu sahəsində işçilər fərdi mühafizə vasitələrilə - maska, əlcək və digər vasitələrlə təmin edilməli, masaların üzərində müvafiq dezinfeksiyaedici vasitələr olmalıdır. Eyni zamanda, işçilər dövrü tibbi müayinələrdən keçməlidir. Əsas tələblər ondan ibarətdir ki, mehmanxanaların qida qəbulu zallarında açıq bufet təklifi olmamalıdır. Mətbəxlərlə bağlı müəyyənləşdirilən tələblərə əsasən qida məhsullarının səthi örtülü saxlanmalıdır və istifadə olunmuş qida yenilərilə qarışdırılmamalıdır. Mətbəxə gətirilən heyvan mənşəli məhsullar baytarlıq nəzarətindən keçmiş müvafiq sənədlərlə müşayiət olunmalıdır. Masalar arasında məsafə isə iki metrdən az olmamalıdır”.
Bildirib ki, monitorinqlər zamanı müəyyən uyğunsuzluqlar müşahidə olunsa da növbəti həftələrdə belə halların aradan qalxması gözlənilir. Monitorinqin hədəfi mehmanxanalarda maarifləndirmə işini qurmaqdan ibarətdir.
Onun sözlərinə görə, həm vətəndaşların, həm də mehmanxanaların bu qaydalara riayət etməsi ölkədəki epidemik vəziyyətin sabit saxlanılmasına imkan verəcək. “Ümid edirəm ki, sahibkarların dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığı koronavirusa qarşı aparılan mübarizəyə müsbət təsirini göstərəcəkdir”, - deyə Elxan Mikayılov əlavə edib.
Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə keçirilir.