CƏMİYYƏT
Paytaxtda keçmiş məhkumdan 3 kiloqramdan çox marixuana götürülüb
Bakı, 15 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 150 qram marixuana götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qubatov isə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan çox marixuana götürülüb.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini Z.Həsənov saxlanılıb. Onun evindən 308 qrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.