CƏMİYYƏT


Paytaxtda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakı, 8 dekabr, AZƏRTAC

Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Ondan oğurladığı qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.

Saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir. Emin Cabbarovun Bakı şəhərində digər oxşar cinayətlər törətməsi də istisna edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.