ELM VƏ TƏHSİL
Paytaxtda müəllim və valideynlərin müraciətlərinə baxılıb
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxtdakı 49 nömrəli tam orta məktəbdə keçirilən qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin işıqlandırma sisteminin gücləndirilməsi, müəllimlərin yerdəyişməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.