CƏMİYYƏT
Paytaxtda növbəti ümumşəhər daxili iməciliyi keçirilib VİDEO
Bakı, 21 may, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq, yaz mövsümü ilə əlaqədar mayın 21-də Bakı şəhərinin ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.
BŞİH-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son günlərdə Bakı şəhərində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilib, paytaxtımıza xarici ölkələrdən çox sayda mötəbər qonaq gəlib, eləcə də xarici turistlərin sayı xeyli artıb. Həmçinin havaların xoş keçməsi ilə əlaqədar paytaxt sakinləri kütləvi şəkildə park və istirahət yerlərinə dincəlməyə gəlirlər. Buna görə də şəhərin təmizliyi, yaşıllıqların vəziyyətinə diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir.
Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
İməcilikdə prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahmanın yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə yaxından iştirak ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.
Bununla bağlı jurnalistlərə açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ayaz Hüseynov bildirib ki, şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Belə təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması paytaxtımız Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.