İQTİSADİYYAT
Paytaxtda növbəti yeraltı piyada keçidinin tikintisinə başlanılmışdır VİDEO
Bakı, 15 yanvar (AZƏRTAC ). Paytaxtda Babək prospekti ilə Telnov küçəsinin (keçmiş Xocalı küçəsi) kəsişməsində yeraltı piyada keçidinin tikintisi artıq yeni mərhələyə qədəm qoymuşdur.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirmişdir ki, uzunsürən tədqiqat işlərindən sonra piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları artıq köçürülmüşdür.
Yeraltı piyada keçidinin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3,23 metr olacaqdır. Keçidin 22 metr hissəsində istinad divarı və örtük hissəsi tikilmişdir.
Hazırda 24 metr məsafədə istinad divarında armatur işləri görülür. Yaxın 3-4 gün ərzində həmin məsafədə beton tökmə işlərinə başlanılacaqdır. Hava şəraitinin əlverişli keçəcəyi təqdirdə bu ayın sonunadək işlərin 50 faizinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Piyada keçidinin bu il istifadəyə verilməsi planlaşdırılır.