CƏMİYYƏT
Paytaxtda özəl klinikalarda həkim və tibbi personala məxsus kabinetlərdən oğurluqlar edən şəxs saxlanılıb
Bakı, 8 fevral, AZƏRTAC
Paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluqlar edən şəxs Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə bölməyə ərizə ilə müraciət edərək çalışdığı müəssisədəki kabinetindən “Iphone 6” və “Iphone 7” markalı mobil telefonlarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov bölmə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb. Əlavə əməliyyat tədbirləri ilə S.Həsənovun Nərimanov rayonunda daha üç klinikadan ayrı-ayrı şəxslərə məxsus “Samsung Edge 7”, “Iphone X” kimi on ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasiyent kimi müraciət edib. Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.
Qeyd edək ki, S.Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı 16-cı polis bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102-Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 16-cı polis bölməsinə müraciət edə bilərlər.