CƏMİYYƏT
Paytaxtda pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər görülüb VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
Paytaxtda insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər keçirilib. Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin əməkdaşlarının dekabrın 13-19-da keçirdikləri reydlər zamanı paytaxtın Qaradağ, Xətai rayonlarında altı ticarət obyektindən, ümumilikdə, 21 min 390 ədəd, müxtəlif markalı və təyinatlı partlayıcı oyuncaq və pirotexniki vasitələr – odlu sayrışan fişənglər aşkarlanaraq götürülüb.
“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli Fərmanına əsasən pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir.
Ticarət mərkəzlərində belə malların satışı aşkarlanarkən vasitələr satışdan çıxarılır, satan vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilib.
Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslərə 350 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manatadək, hüquqi şəxslərə 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.
Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tezalışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının partlayıcı maddə və təhlükəli oyuncaqların satışının qadağan edilməsi ilə bağlı 2001-ci ildə müvafiq sərəncamı var. Sərəncamın tələblərinə uyğun olaraq, partlayıcı oyuncaq və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində izahat, maarifləndirmə tədbirləri davam etdirilir.