CƏMİYYƏT
Paytaxtda sərv ağaclarına zərər vurulması nəticəsində təbiətə 3900 manat ziyan dəyib
Bakı, 30 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhərinin “Baksol” adlanan ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a bildirib ki, Ələsgər Qayıbov küçəsində, “Baksol” adlanan ərazidə Bakı Biskvit Fabrikinə məxsus ərazidə drenaj kanalı çəkilərkən bir neçə sərv ağacının dibinin kök sisteminə zərər vurulduğu və nəticədə ağacların aşdığı məlum olub. Araşdırma zamanı təbiətə 3900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Aşan ağaclar isə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən doğranaraq ərazidən kənarlaşdırılıb.
Faktla bağlı Bakı Biskvit Fabrikinin məsul şəxsi barəsində akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlər görülməsi üçün toplanmış sənədlər prokurorluğa göndərilib.
İ.İbrahimova yaşıllıqlara belə laqeyd münasibət göstərənlərin məsuliyyətə cəlb olunacağını və barələrində ciddi tədbirlər görüləcəyini bildirib: “Lakin cərimə və cəza ilə iş bitmir, bu cür insanlar ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar”.