CƏMİYYƏT
Paytaxtda soyğunçuluq etməkdə şübhəli dəstənin üzvləri saxlanılıblar
Bakı, 14 aprel, AZƏRTAC
Bakı sakini Ceyhun Novruzov saat 1 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək Zabrat qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilinə yaxınlaşan altı naməlum şəxsin Binəqədi qəsəbəsinə gedəcəklərini dediklərini, etiraz etdikdə isə onu döyərək mobil telefonunu aldıqlarını bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə onlar “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri İlfat Qasımov, Elşad İsmayılov, Murad Muradov, Vasif Vəlizadə, əvvəllər məhkum olunmuş Orxan Vəlizadə və Füzuli rayon sakini Rəşad Əliyev olduqları müəyyənləşib. Həmin şəxslərin qəsəbə ərazisində digər bir “Mercedes” markalı avtomobilin sürücüsü Səxavət Piriyevə qarşı da eyni üsulla cinayət törətdikləri müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.