CƏMİYYƏT
Paytaxtda və bölgələrdə yüzlərlə avtomobildən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Paytaxtın Nizami rayonunun Ə.Hacıyev küçəsindəki paltar mağazalarından birindən oğurluq edilib. Naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürərək hadisə yerindən qaçıblar. Hadisə ilə bağlı 25-ci polis şöbəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.
Onların ətraflarında 25-ci polis şöbəsində araşdırma aparılan zaman həmin şəxslərin başqa cinayətlərinin də üstü açılıb. C.Abbasovun və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.
Faktla bağlı 25-ci polis şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci polis şöbəsinə müraciət edə bilərlər.