CƏMİYYƏT
Paytaxtda xüsusi karantin rejimi qaydalarının təmin olunmasına uyğun tədbirlər davam etdirilir
Bakı, 4 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan olunan xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində paytaxtda polis və Daxili Qoşunların əməkdaşları tədbirləri davam etdirirlər.
Şəhərin bütün küçə və prospektlərində xidmətə cəlb edilən polis, eləcə də Daxili Qoşunların əməkdaşları insanlarla profilaktik söhbətlər aparırlar. Vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar arasında yenə də karantin rejiminin qaydalarını pozanlara rast gəlinir.
Polis və Daxili Qoşunların əməkdaşları vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırlar.
Qeyd edək ki, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilir.
Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 3-dən 4-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati qaydada cərimə edilib.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə, ümumilikdə, 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 9 şəxs isə inzibati qaydada həbs olunub.