CƏMİYYƏT
Paytaxtda yeni liftlərin quraşdırılması davam edir
Bakı, 27 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı Sərəncamın icrası ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniyanın “Wittur Holding GMBH” şirkəti ilə müqavilə imzalanaraq alman istehsalı olan 581 yeni lift Bakıya gətirilərək quraşdırılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötənilki işlərin davamı olaraq bu ildə də Bakı şəhərində yeni liftlərin quraşdırılması işləri davam etdirilir. Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə “Wittur Holding GMBH” şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən, daha 625 lift alınaraq Bakı şəhərinə gətirilib. Bu liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıcaq.
Əlavə olaraq liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb.
Yeni liftlərin texniki göstəriciləri barədə məlumat verən Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov bildirib ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Görülən işlər çərçivəsində köhnə liftlər demontaj edilir, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunur, otaqların üstünə ruberoid çəkilir.
Yeni liftlər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi mövcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.
“Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətində növbəti yenilik alınan liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sisteminin qurulması olmuşdur. Buraya lazımi texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır. Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulacaq.
Görmə qabiliyyəti məhdud olan şəxslərin liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlifbası ilə işarələnib. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kiloqram, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kiloqram və 0,71 metr/saniyə idi.
Yeni quraşdırılan liftlərin hər biri müvafiq sınaqlardan keçdikdən sonra vətəndaşların istismarına veriləcək.