İQTİSADİYYAT
Paytaxtdakı avtobuslar bayram günündə saat 01:00-dək xidmət göstərəcək
Bakı, 30 dekabr, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar qeyd olunan tarixdə gecə saat 01:00-dək fəaliyyət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələri tövsiyə olunur. Bu cür mədəni kütləvi tədbirlər zamanı şəxsi nəqliyyat vasitəsindən daha az istifadə olunması hər kəsin mənzil başına daha tez, rahat və maneəsiz çatmasına imkan verir.
Bundan əlavə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədilə işıqforlarda yaşıl dalğa tətbiq ediləcək. Əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək.
Ümumilikdə isə bayram tətili günlərində nəqliyyatın işinə nəzarəti təşkil etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirəcək.