İQTİSADİYYAT
Paytaxtın Abbasqulu Abbaszadə küçəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılacaq
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 10-dan etibarən Səbail rayonu ərazisindəki Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, kommunikasiya xətlərinin yenilənməsi aidiyyəti qurumlar tərəfindən həmin küçənin Badamdar şosesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.
Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumların verdiyi məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur. İşlərin aparıldığı müddətdə Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxac yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.