İQTİSADİYYAT
Paytaxtın Əliyar Əliyev küçəsi yenidən qurulub VİDEO
Bakı, 5 sentyabr, AZƏRTAC
Nərimanov rayonunun Əliyar Əliyev küçəsi əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində paytaxtın Nərimanov rayonunun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan Əliyar Əliyev küçəsi müasir şəkildə yenidən qurulub. Küçənin uzunluğu 2500 metr təşkil edir.
Küçə paytaxtın iki böyük prospekti – Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir göstərir, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyət kəsb edir. Aparılan yenidənqurma işləri zamanı küçəboyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçəboyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib. Daha sonra küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib, küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Kəsişmə və yol ayrıclarında təhlükəsizlik adacıqlar vasitəsilə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.
Qeyd edək ki, vətəndaşların mənzil başına vaxt itirmədən, rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-cu ildə Nərimanov rayonu ərazisində 11 min metr uzunluğunda olan küçə və yol təmir edilib. Cari ilin investisiya proqramına uyğun olaraq, rayon ərazisində təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri aparılıb.