İQTİSADİYYAT
Paytaxtın Bakıxanov qəsəbəsində Əşrəf Yunusov və Ruhulla Axundov küçələri təmir olunub VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində uzunluğu 950 metr olan Əşrəf Yunusov və 600 metr uzunluğa malik Ruhulla Axundov küçələrinin əsaslı təmiri yekunlaşıb.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir işləri çərçivəsində küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, Ruhulla Axundov küçəsində 1630 kvadratmetr, Əşrəf Yunusov küçəsində isə 710 kvadratmetr piyada səkiləri yenilənib. Küçələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunmaqla küçə müasir görkəmdə istifadəyə verilib.
Hazırda analoji təmir işləri qəsəbə üzrə Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də son mərhələdə icra edilir.
Qeyd olunub ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12,7 kilometr olan küçə və yolların təmiri işləri aparılır. Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçələr təmir edilib.