CƏMİYYƏT
Paytaxtın Biləcəri qəsəbəsindəki park əsaslı təmir olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Mədəniyyət və istirahət parkı əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib.
İcra hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəsəbənin mərkəzindəki sahəsi 3 hektar olan parkın layihəsinə əsasən sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb. Aparılan əsaslı təmir-abadlıq işləri çərçivəsində parkın ərazisində yararsız hala düşmüş, bəzi yerlərdə sınmış qranit və tamet örtüklər, pilləkənlər, bordürlər yenilənib. Yararsız oturacaq, idman və əyləncə qurğuları sökülərək ərazidən daşınıb, onlar yeniləri ilə əvəzlənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. İki yeni söhbətgah və parkın ərazisində müasir işıqlandırma sistemləri quraşdırılıb. Parkdakı fəvvarə təmir edilib.
Parkda uşaq oyun qurğuları yenilənib, idman meydançalarına rezin örtük döşənib, parkda sahəsi 1500 kvadratmetr olan stadion təmir edilib.
Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, ağaclar budanıb, suvarma xətləri yenilənib, yeni yaşıllıq zolaqları və qazon örtüyü salınıb, müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilib.
Sakinlər əsaslı təmirdən sonra parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.